Reklam verin!

Fridrix Nitsşe, ZƏRDÜŞT BELƏ DEDİ,

Yazar: rahib699 @ Mart 10, 2008 1:35

Dünyanın bütün mütərəqqi ölkələrində nitsşeçilik aparıcı fəlsəfi cərəyanlardan biri sayıldığı, XX əsr falsəfi cərəyanlarının əksəriyyətinin (həyat fəlsəfəsi, praqmatizm, ekzistensializm və s.) dünyanın bir çox görkəmli yazıçı və şairlərinin onun təlimindən bəhrələndiyi halda, ölkəmizdə Nitsşe irsi müstəqillik dövrünə qədər qeyri-rəsmi şəkildə yasaq edilmişdi. Hazırkı dövrün həqiqət işığında Nitsşenin indiyəcən “faşizm ideologiyasının qaynağı” kimi təqdim olunan yaradıcılığına maraq xeyli artmış, dünyanı məhvərindən oynadan bu telim öz layiqli qiymətini almağa başlamışdır.

Nitsşe özü bu əsər barədə belə yazır: “Bu ya poeziya, ya beşinci incil, ya da nəsə hələ adı olmayan bir şeydir; bu manim əsərlərimin içərisində ən ciddisi, ən uğurlusudur”.
  Alman filosofları bu əsəri “seçilmiş insanların bibliyası hesab edir. Nitsşenin tələbəsi, məşhur filosof Peter Qast onu müqəddəs kitabların ən müqəddəsi sayır, “Zərdüşt”ün sətirbəsətir şərh olunacağı günün uzaqda olmadığını söyləyir. Nitsşe irsinə 1 əsr sonra müraciət etmiş Azərbaycan ədəbiyyatından bu şərhi gözləmək hələlik çətin olsa da son illər onun yaradıcılığına maraq müqayisə olunmaz dərəcədə artmışdır. 1992 ildə “Xəzər” jurnalının bir neçə sayında “Zərdüşt”ün türkcədən çevirməsində bəzi parçalar dərc olunmuşdu. Alman dilindən 1993 ildə edilmiş bu tərcümənin “Dədə Qorqud” jurnalının oxucularına daha maraqlı olacağı ümidi ilə onu oxucuların mühakiməsinə veririk.
   
Aybəniz Abbasova.
   
   
  WWW.KITABXANA.ORG SITE’nın REDAKTORUNDAN
   
  İnternet kitabxanamızın oxucularına təqdim etdiyimiz bu mətn F. Nitsşenin “Zərdüşt belə dedi” əsərin, yalnız birinci bölməsidir. Əfsuslar olsun ki, tərcümənin müəllifi – gözəl mütəxəssis və dəyərli insan Aybəniz xanım Abbasova əsərin birinci bölməsini tərcümə edəndən sonra rəhmətə getdi. Bununla belə bu yarımçıq mətni oxucularımıza təqdim etmək qərarına gəlmişik: ümidvarıq ki, bu mətn oxucularımızda Nitsşenin yaradıcılığına cüzi də olsa təsəvvür yaradacaq və maraq oyadacaq. 
   
Hikmət Hacızadə
   
   
  FRİDRİX NİTSŞE
   
  ZƏRDÜŞT BELƏ DEDİ
   
  HAMININ VƏ HEÇ KİMİN KİTABI
   
  Birinci Bölmə
   
  ZƏRDÜŞTÜN MÜQƏDDİMƏSİ
   
  1.

  FÖVQƏLİNSAN VƏ SONUNCU İNSAN HAQQINDA 
   

  Otuz yaşın tamamında Zərdüşt vətənini və vətənin gölünü tərk edib dağlara çəkildi. Düz on il ruhu və tənhalığından həzz alıb bundan usanmadı. Axır ki, qəlbində dönüş oldu - bir sabah şəfəqlə birgə oyandı, üzünü günəşə tutub belə dedi:
“Ulu ulduz! Əgər işıqlandırdığın kəslər olmasaydı, sənin xoşbəxtliyin nəyə dönərdi?! Düz on il sərasər mənim mağaramın üzərinə qalxdın: Mən olmasaydım, mənim qartalım, ilanım olmasaydı, sən işığından doyar, təngə gələr və bu yol səni bezdirərdi. 
  Amma biz hər səhər səni gözləyir, sənin artığını qəbul edir və sənə xeyir-dua verirdik. 
Bir bax! Mən həddən artıq bal toplamış arı kimi öz müdrikliyimdən təngə gəlmişəm; mənə əllər lazımdır, mənə sarı uzadılmış əllər.
Ağıllı insanlar ağılsızlıqları, kasıblar isə zənginlikləri ilə yenidən fərəhlənənədək bölüşmək və pay vermək istəyirəm.
  Bunun üçün mən aşağı enməliyəm: necə ki, bunu sən edirsən – dənizlərə dalaraq, dünyanın əks tərəfinə işıq apararaq, ey zəngin ulduz! 
  Mən, yanlarına enmək istədiyim insanların adlandırdığı – qürub etməyi sənin kimi bacarmalıyam.
Xeyir-dua versənə mənə, ey gözütox, hətta ən böyük səadətə belə həsəd aparmadan baxan!
Bu aşıb-daşmağa hazır piyaləyə xeyir-dua ver ki, o içindəki qızılı suyu axıtsın və sənin nəşənin parıltısını aləmə yaysın! 
  Bir bax, bu piyalə yenə boşalmaq və Zərdüşt də yenidən insan olmaq istəyir.”  
  – Zərdüştün qürubu belə başladı.

  2.

  Zərdüşt tək-tənha dağları tərk etdi. Bir ins-cins görünmürdü. Amma meşəyə təzəcə girmişdi ki, qabağında bitki kökləri axtarmaq üçün öz komasını tərk etmiş pirani bir qoca peyda oldu. Qoca Zərdüştü görçək dedi:
  –“Bu səyyah mənə tanış gəlir: neçə il öncə o burdan keçib, adı Zərdüştdür, amma çox dəyişib.
  O vaxt dağlara gülü gedirdi, indi atəşilə dərələri yandırmaqmı istəyir? Atəşpərəstlərin cəzasından qorxmurmu görən?
  Hə, tanıdım Zərdüştü. Üz-gözündən nur tökülür.
  Zərdüşt yaman dəyişib. Uşaq idi, kamil insana dönüb: yaxşı bu ölü camaatın yanına getməkdə qəsdin nədir?
  Tənhalıq səni dəniz kimi ağuşuna almışdı. İndi də sahilə çıxmaq xəyalına düşmüsən? Səndə heç qorxu deyilən şey yoxdurmu? Təzədən cəsədə dönməkdən qorxmursanmı”?
  Zərdüşt cavab verdi: “Mən insanları sevirəm”.
  – “Bəs mən niyə meşəyə çəkilmişəm, niyə özümdə dəfn olunmuşam? Ona görə deyilmi ki, insanları qədərindən artıq sevirdim?
  İndi yalnız allahı sevirəm. İnsanları sevmirəm daha. İnsan mənim nəzərimdə natamam, yarımçıq məxluqdur. İnsana məhəbbət məni axırıma çıxardı”.
  Zərdüşt cavab verdi: “Mən məhəbbətdən dəm vurmuram axı? İnsanlara bəxşiş verəcəyəm”.
  “Onlara heç nə vermə, – qoca dilləndi, – bacar nələri var əllərindən al, onlara belə lazımdır. Əgər vermək istəyirsənsə, sədəqə ver onlara, özü də asanlıqla yox, ilan kimi dil çıxarandan, dizin-dizin sürünəndən sonra”!
  “Yox, – Zərdüşt onun sözünü kəsdi. – Mən sədəqə paylayacaq qədər miskin deyiləm”.
  Zərdüştün sözləri qocanı güldürdü: “Gör heç sənin xəzinəni saya salacaqlarmı? Onlar biz qəriblərdən şübhələnir; bizim bir şey verə biləcəyimizə inanmırlar.
  Küçələrdə tənha addım səslərimiz onları hürküdür. Elə ki gecə vaxtı bir adamın getdiyini gördülər, ürəklərinə yüz qara-qorxu dolur, öz-özlərinə sual edirlər ki, görəsən bu oğru kimin evini yaracaq?
  İnsanlar arasına getmə, qal meşədə! ya da yaxşısı budur heyvanların yanına yollan! Niyə axı mənim kimi olmaq istəmirsən? Ayılarla, quşlarla müsahiblik etməyin nəyi pisdir”?
  “Ey pir, sən meşədə nə iş görürsən axı»?
  İxtiyar cavabında: “Mən mahnı qoşur, nəğmələr deyir, istəyəndə gülür, istəyəndə ağlayır, allahımı ürəyim istəyincə mədh edirəm, – dedi.
  Mən allahı, öz allahımı nəğməmdə, gülüşümdə, göz yaşlarımda yad edirəm. Yaxşı, sənin bəxşişin nə ola belə”?
  Bu sözləri eşidən Zərdüşt ehtiramla dedi: “Mən sizə nə verə bilərəm ki? Məni tez başdan eləyin, çıxıb gedim ki, barı heç nəyinizi götürməyim”. Beləcə ayrıldılar. Ayrılarkən bu yaşlı-başlı kişilər iki sadədil uşaq kimi gülürdülər.
  Elə ki Zərdüşt tək qaldı, öz-özünə söylədi: “Sən bir işə bax! Bu qoca pir meşədə hər şeydən xəbərsiz yaşayır. Hələ indiyəcən bilmir ki, Allah ölmüşdür!»
   
  3.
   
  Zərdüşt rastına çıxan birinci şəhərə girəndə bütün əhalini bazar meydanına yığışan gördü. Şəhərə hay düşmüşdü ki, kəndirbaz oynadacaqlar. Zərdüşt üzünü camaata tutub dedi: “Sizə fövqəlinsan haqqında dərs vermək istəyirəm! İnsan belə bir şeydir ki, özündən yüksəyə qalxmalıdır. Bəs siz kamilləşmək naminə əlinizi ağdan qaraya vurmusunuzmu?
  Yer üzünün cəmi məxluqatı özündən daha ali bir şey yaradır, təkmilləşməyə, kamilləşməyə can atır. Bəs siz niyə quyruqda sürünürsünüz, niyə bu axına qoşulmursunuz? Öz naqisliyinizi dəf etmək əzabına qatlaşmaqdansa, heyvan əcdadlarınızın halına qayıtmağı əfzəl bilirsiniz.
  İnsanın nəzərində meymun nədir? Lağ hədəfi, üzüntülü xəcalət. Bax, fövqəlinsan üçün də insan belə bir şey olmalıdır: lağ hədəfi, üzüntülü xəcalət.
  Siz soxulcandan insana dönəli nə qədər sellər-sular axıb, amma gör siz soxulcan xislətindən qurtara bilibsinizmi? Bir vaxtlar siz meymundunuz, indinin özündə də insan təbiətindəki meymunluq hər bir meymunu mat qoyur. Sizlərdən ən ağıllısı fitnədən və bitki ilə kabusun qarışığından başqa bir şey deyildir.
  Mən sizi kabus və ya bitki olmağa çağırmıram. Sizə fövqəlinsan dərsi vermək istəyirəm! Fövqəlinsan kürreyi-ərzin mənasıdır. Qoy iradəniz de bunu desin: Fövqəlinsan kürreyi-ərzin mənası olmalıdır!
  Qardaşlar, sizi and verirəm inandığınıza, öz dünyanıza sığının, bu dünyaya pənah gətirin. Qoymayın o biri dünya haqqındakı cəfəngiyatla gözünüzə kül üfürsünlər. Beyninizi belə zəhərləyən kəslərə zəhərli ilandan başqa nə ad vermək olar? Amma yox, onların arasında elə kütbeyinləri də var ki, öz yalanlarına inanırlar, öz yalanlarından zəhərləniblər, ilmizalım danışıqları yalan qan kimi öz qəlblərinə də işləyib. Torpaq da belələrindən bezardır, görüm onları lənətə gəlsin! Vaxt vardı allahı təhqir etmək ən ağır qəbahət sayılırdı, amma allah öldü, bu günahlardan qurtulduq. İndi günah dediyin gözəgörünməz, yeribilinməz bir qüvvənin itaətindən çıxmaq deyil, öz dünyamızda şər işləyən kəs daha artıq günaha batır.
  Bir zamanlar ruh cismə düşmən kəsilmişdi. Guya bədənin arıqlığı, zəifliyi, çirkinliyi ruhun ucalığına dəlalət edirdi. Bu yolla ruh bədəni tərk etmək, günahkar dünyamızdan qurtulmaq istəyirdi.
  Oh, belə qəddar ruh əslində cisimdən qat-qat artıq zəif, düşkün və eybəcər idi; qəddarlıq bu ruhun ehtirasına dönmüşdü.
  Bəs indini özündə bir mənə deyin – bədəniniz ruhunuzun haqqında nə düşünür? Ruhunuz səfalət, çirkab və mənfur ehtirasdan yoğurulmayıbmı?
  Bəli, insan dediyin murdar bir lehmədir. Gərək necə nəhayətsiz bir ümman olasan ki, öz suyunu bulandırmadan bu lehməni ağuşuna ala biləsən.
  Bax, fövqəlinsan belə bir ümmandır, elə sonsuz ümman ki, bütün həqarətləriniz onun sularında itib-batır, yuyulub arınır.
  Keçirəcəyiniz ən ali hissin nə olduğunu bilirsinizmi? Bu, ikrah saatının çatmasıdır. O saatın ki, səadətiniz, ağlınız, fəzilətləriniz belə sizi iyrəndirəcək.
  O vaxt ki, siz dediniz: Mən bunamı səadət deyirəm? Bu ki, səfalət, rəzalət, mənfur bir ehtirasdır. Mənim səadətim isə yalnız özümü təmin etməməli, ona həyatın özü bəraət qazandırmalıdır.
  O vaxt ki, siz dediniz: Məndə ağıl deyilən şeydən əsarət varmı? Varsa nə üçün o, pərvanə olub elm atəşində yanmır? Nə üçün mən özümdə elmə təşnə duymuram? yalnız murdar ehtiraslara aludə olan belə ağıl sahibinə səfildən, rəzildən savayı nə ad vermək olar?
  O vaxt ki, siz dediniz: Bəsdir insaniyyətdən, xeyirxahlıqdan dəm vurdum! Fəzilətlərim də, qəbahətlərim də daha ürəyimi vurub. Bunlar hamısı səfalətdir, rəzalətdir, murdar bir ehtirasdır.
  O vaxt ki, siz dediniz: Mənmi özümü ədalətli sanıram? Ədalət istəyən kəs gərək səməndər quşu kimi alovlara tutuşsun. Bəs mən bu oddan-alovdan keçməyə hazırammı?
  O vaxt ki, siz dediniz: Şəfqət dedikləri nə olan şeydir axı? Ürəyiyumşaqlar üçün qurulmuş bir tələ. Yox, mən kimsəyə tələ qurmaq istəmirəm. – Bax, onda çatacaq bu saat! Heç bunlar ağlınıza gəlibmi? Heç belə fəryad qopardığınız olubmu? Ah, sizin bu fəryadınızı eşitməkdən ötrü mən nələrdən keçməzdim!
  Boğazacan çirkab içində olan sizlər əlinizi göylərə açıb səmadan mərhəmət diləyirsiniz.
  Hanı elə bir şimşək ki, xislətinizdəki naqisliyi yandırıb külə döndərsin, ruhunuzu nura bələsin.
  Eşidin, fövqəlinsan elə bu şimşəyin özüdür.
  Zərdüşt elə bunu demişdi ki, camaat arasından biri qışqırdı: “Nə vaxtdır kəndirbazın sorağın almışıq, imkan ver baxaq də!» Elə bil hamı himə bənd imiş. Yerbəyerdən Zərdüştü ələ salıb gülməyə başladılar. Bu sözlərin ona aid olduğunu zənn edən kəndirbaz tələsik işə girişdi.
   
  4.
   
  Zərdüşt heyrətlə camaata baxdı. Sonra nə düşündüsə yenidən: İnsan dediyin bir kəndirdir, heyvanla fövqəlinsan arasında bir kəndir, özü də bu kəndir uçurumun üstündə bənd olunub.
  yıxıla-dura, zor-bəla ilə azca irəliləyir, qorxa-qorxa dönüb gəldiyi yollara nəzər salır, öz yaşamından dəhşətə gəlir və... vəssalam, canını tapşırır. Budur insanın bütün həyatı!
  İnsanda böyüklük adına bir şey varsa, o da onun son məqsəd deyil, yalnız məqsədə doğru bir vasitə, körpü olmasıdır, insanda seviləsi bir şey varsa, onun bir adlamaç, keçid olması və gəldi-gedərliyidir.
  Mən məhvə doğru gedən adamları sevirəm, çünki onlar bu körpünü keçirlər.
  O adamları sevirəm ki, nifrət etməyi bacarsınlar, çünki əsl qədir bilən və başqa sahilə can atan həsrət oxları onlardır.
  O adamları sevirəm ki, canlarını boş xəyallara, mənasız cəfəng ideyalara deyil, torpağa, vətənə fəda edirlər, o torpağa ki, bir vaxt fövqəlinsanın məskəni olacaq.
  O adamları sevirəm ki, dünyaya kor gəlib kor getməsinlər, həyatı anlamaq istəsinlər ki, nə vaxt sa fövqəlinsan yaşaya bilsin. Çünki o öz məhvini çox istəyir.
  O adamları sevirəm ki, canına cəfa verib fövqəlinsana yurd qurur və torpağı, heyvanları və bitkiləri fövqəlinsan üçün hazırlayır.
  Mərd adamları sevirəm, çünki gözüylə od götürə-götürə dünyanın qəm yükünü çiynində daşımağa tək onların hünəri çatar. Çünki o öz məhvini çox istəyir.
  O adamları sevirəm ki, öz fəzilətini sevsin, çünki fəzilət məhvə doğru atılan həsrət oxudur.
    
  Mərdliyi ilə ölümü öldürənləri, insan kimi yaşayıb insan kimi də ölənləri sevirəm.
  O kəsi sevirəm ki, hər şeyin yaxşısına can atmır, əslində tək bir yaxşı cəhəti olan adam ideal adamdan yaxşıdır, çünki belədə insan bu tək cəhətə daha çox alışır, o, alın yazısı kimi insana ölüncə yoldaşlıq edir.
  O kəsi sevirəm ki, öz əziyyətinin əvəzini gözləmir və özünə edildiyi yaxşılığın əvəzini ödəmir, çünki o daimi qurbanlar verir və özünü qorumur.
  O kəsi sevirəm ki, həyatda naxışı tutanda, bəxti gətirəndə xəcalət çəkir – “Mən bu oyunu düz yolla mı udmuşam? – deyə öz-özündən soruşur, çünki o öz məhvini çox istəyir.
  O kəsi sevirəm ki, çəkinmədən qızıl sözünü əməlindən əvvəl yayır, sonra isə vədini artıqlamasıylə yerinə yetirir.
  O kəsi sevirəm ki, gələcəyin adamlarına bəraət qazandırır, keçmişin adamlarını isə bağışlaya bilir. Çünki o indinin insanlarının əlindən məhv olmaq istəyir.
  O kəsi sevirəm ki, o öz allahını cəzalandırır, çünki o öz allahını sevir, çünki o öz allahın qəzəbindən məhv olmaq istəyir.
  Dərin qəlbləri sevirəm, onlar kövrək belə olsa. Çünki onlar həvəslə bu körpünü keçirlər.
  Qəlbi dolu kəsi sevirəm, çünki o özü-özünü unudur, və bütün şeylər onun özündədir: beləliklə bütün şeylər onun məhvinə gətirir.
  Azad ruhlu və azad ürəkli insanı sevirəm: onun başı onun ürəyinin evidir, onun ürəyisə onu məhvə doğru çağırır.
  İnsanların başı üstündən asılmış qara buluddan düşən ağır damlalara bənzər kəsləri sevirəm: onlar şimşəyin yaxınlaşmasını car çəkirlər və bütün car çəkənlər kimi məhv olurlar.
  Eşidin mən şimşəyin carçısıyam, qara buluddan düşən ağır damlayam: bu şimşək fövqəlinsandır.
   
  5.
   
  Zərdüşt bu sözləri demişdi ki, gözü camaata sataşdı. Elə bil nitqi kəsildi. Öz-özünə: “Bunlar ki, gülürlər, – dedi, – məni anlamadılar, tək bircə kəlməni belə anlamadılar. Yəni doğrudanmı bu adamlar təkcə qamçının dilini başa düşür?! Doğrudanmı mən təbil kimi və ya tövbə vaizi kimi güruldamalıyam? Bəlkə onlar yalnız kəkələyən adama inana bilərlər?
  – Sanki nəyəsə güvənirlər. Onları ayrıca özündən razı edən nə ola bilər axı? Onlar bunu mədəniyyət adlandırırlar, məhz bu onları malotarandan fərqləndirir.
  Buna görə onlar özləri haqqında “nifrət” sözünü eşitmək xoşlamırlar. Nə olar, eləsə mən onların qüruruna müraciət etməliyəm.
  Mən onlara ən rəzil məxluqdan, sonuncu insandan danışacam”.
  Və Zərdüşt xalqa belə dedi: Qarşımıza məqsəd qoymağın vaxtı gəlib. Ali ümidimizin ağacını əkmək vaxtı gəlib. Hələ ki, torpağımızın gücü qalıb. Amma nə vaxtsa bu güc tükənəcək və burada bir dənə də olsun uca boylu ağac bitə bilməyəcək.
  Heyhat! Bir azdan insan həsrət oxunu insanların başının üstündən ata bilməyəcək, onun yayın kirişi daha gərginliyə dözəmməyəcək.
  Sizə deyirəm, qəlbinizdə xaos daşıyın ki, rəqs edən ulduz doğa biləsiniz. Sizə deyirəm ki, qəlbinizdə o xaos hələ ki var.
  Heyhat! Bir azdan insan ulduz doğa bilməyəcək. Ən murdar insanın zamanəsi gəlir, bu insan artıq öz-özünə nifrət edə bilməyəcək.
  Baxın, mən sizə sonuncu insanı göstərirəm.
  Sonuncu insan “Sevgi nə deməkdir? Yaratmaq, can atmaq nə deməkdir? Ulduz nədir? – deyib gözlərini döyəcək.
  Yer üzü özü də xırdalıb, sonuncu insan orada at oynadir və toxunduğu hər şey də özü kimi cılızlaşır.
  Onun nəsli həşərat kimi yenilməzdir – sonuncu insan hamıdan çox yaşayır.
  Sonuncu insanlar “bəxtəvərliyin yolunu tapmışıq” deyib gözlərini döyərlər.
  Soyuq ölkələri tərk ediblər – onlara isti lazımdır. Qonşularını çox sevirlər, onlara sığınırlar – onlara isti lazımdır. Yatağa düşmək və ya bədgüman olmaq onlarda günah sayılır, çünki onlar ehtiyatla yeriyirlər, – adam və ya daş ancaq axmaq adamın ayağına ilişər. Zəhər də versən içərlər, təki bir az da bərk uyusunlar. Ölümün də asanına qaçırlar, zəhərin miqdarını azca artır, canını həmişəlik qurtar. Hələ ki, iş-güc dalınca da gedirlər, başlarını nə iləsə qatmalıdırlar axı. Amma nəbadə iş əyləncə həddini keçə.
  Nə varlı, nə kasıb olacaq: hərəsi bir cür baş ağrısıdır. Nə ağalıq eşqinə düşən olacaq, nə də qulluq göstərmək istəyən: hərəsi bir cür baş ağrısıdır.
  Başsız sürü! Bərabərçilik istəyirlər, hamı bərabərdir. Başqa cür düşünürsənsə, öz əl-ayağınla get otur dəlixanada.
  Onlardan ən ağıllıları: “Əvvəl bütün dünya dəlixana idi», – deyib gözlərini döyərlər.
  Ağlımız da var, dünyadan xəbərimiz də, odur ki, kef çəkib doyunca gülmək olar. Onlar hələ de bir-birlərinin xətrinə dəyir, amma kin saxlamırlar – kin mədəni poza bilər.
  Onların gündüzlər üçün öz əyləncələri, gecələr üçün öz əyləncələri var; ən əsası isə can sağlığıdır.
  Sonuncu insanlar “bəxtəvərliyin yolunu tapmışıq” deyib gözlərini döyərlər.
  Bu yerdə Zərdüştüm “Müqəddimə” adlandırılan birinci nitqi başa çatır, çünki bu ara camaatın qaraqışqırığı və gülümsəməsi Zərdüştü susmağa vadar etdi. Qara-güruh: “O sonuncu insanları bəri elə, Zərdüşt! ya da bizim özümüzü sonuncu insanlara çevir və biz sənə fövqəlinsanı peşkəş eləyirik!”, – deyə boğazını yırtırdı. Kefləri ala dağda idi. Şadlıqdan yerə-göyə sığmırdılar. Zərdüşt isə ürəyində: “Onlar məni anlamır, mənim fikirlərim onlara çatmır” – deyə inlədi.
  Gör necə illərdi dağlarda yaşayıram, müsahibim göllər, ağaclar olub: indi isə elə bil ki, çobanlarla danışıram. Ruhumun sıcağı, qəlbimin odu dağı-daşı yandırar, amma bunlar ruhumu soyuq bilib sözümü dəhşətli zarafat sandılar. Üzümə baxıb gülürlər və gülərək nifrət edirlər. Gülüşlərinin buzu duyulur.
   
  6.
   
  Bu dəm elə bir şey oldu ki, gözlər kor olsun görməsin, qulaqlar kar olsun eşitməsin. Bu ara kəndirbaz işinə başlamışdı axı: o qəfildən xırdaca bir qapıdan sivişib çıxdı, bazar meydanının üstündən iki qala arasına bənd olunmuş kəndirin üstündə atılıb-düşməyə başladı. Yolun tən ortasına çatmışdı ki, qapı təzədən açıldı, ala-bəzək geyinmiş təlxəyə bənzər birisi bayıra atıldı, tələsik özünü ona yetirdi.
  “Tərpən, topal,– deyə qorxunc səslə bağırdı,– tərpən, tənbəl öküz, qaçaqmalçı, kirşalanmış sifət! Elə eləmə ki, səni ayağımın altına alıb çığnayım. Bu qalalar arasında sənin nə ölümün var? Sənin yerin qalanın içidir, sənin kimisini tutub ağzıbirə salmaq lazımdır. Özün bir zibil deyilsən, iş bilənlərin yolu üstünə kötük kimi yamanmısan”. Hər sözü dedikcə ona bir az da yaxınlaşırdı. Kəndirbaza çatmağına bircə addım qalmış elə bir vəhşət oldu ki, görənlərin tükləri ürpəşdi, qanları iliklərində dondu, o, tükürpədən bir səslə çığırıb kəndirbazın başı üstündən tullandı. Rəqibinin qələbəsindən çaşan kəndirbaz başını tamam itirdi. Səmtini yanılıb yolun ortasında tüyünə-tüyünə qaldı. Kəndir əlindən çıxdı. Ağacını bir kənara tolazladı. Yumaq kimi bükülüb gürum-güppaz yerə elə gəldi ki, deyərdin bəs onu hellənc sapandına qoyub atdılar. Bazar əhlinin arasına bir çaxnaşma düşdü, elə bil arı yuvasına daş atdılar. İllah da cəsəd düşən yerdə iynə atsan yerə düşməzdi. Ət ətin üstəydi. Zərdüşt yerindəcə dayanmışdı. Cəsəd düz onun böyrünə düşdü. Dağım-dağım olmuşdu. Heç baxılası deyildi. Amma nəfəsi hələ üstündəydi. Az sonra huşu özünə gələndə, Zərdüştün böyründə diz çökdüyünü görüb: “Sən burada nə qayırırsan? – deyə handan-hana dilləndi. – Çoxdan sümüyüm eymənmişdi ki, şeytan dalımca tüyünür. Axır ki, məni dartıb cəhənnəmə aparır, sən ona mane olmaq istəyirsən»?
  Zərdüşt dilləndi: “Dostum nəyə deyirsən and içim, sadaladığın şeylərin heç biri mövcud deyil. Nə şeytan var, nə də cəhənnəm. Ruhun cismindən də tez öləcək. Odur ki, heç nədən qorxma». Kişi şübhə ilə ona baxıb dilləndi: “Süzün düzdürsə, onda mən bir şey itirmirəm. Əslində mən nəyəm axı? Bir tikə çörəkdən ötrü oyunbazlıq edən heyvandan fərqim nədir»?
    
  “Elə demə, – Zərdüşt dedi, – “sən təhlükəli bir şeydən özünü peşə yaratdın. Buna görə adama nifrət etməzlər. Madam ki bu peşə sənin axırına çıxdı, mən səni öz əllərimlə torpağa tapşıracağam”.
  Zərdüştün sözləri cavabsız qaldı. Daha kişidən səs-səmir çıxmadı, amma əli heysiz-heysiz tərpəndi, deyəsən, təşəkkür etmək üçün Zərdüştün əlini axtarırdı.
   
  7.
   
  Bu ara axşam qanadını bazar meydanı üzərinə kərdi. Hərə öz iş-gücünün dalınca getdi. Axı hər marağın, dəhşətin də bir həddi var, vaxtı çatanda adamı bezdirir. Təkcə Zərdüşt meyitin yanında oturdu. Elə bərk xəyala dalmışdı ki, vaxtı da hiss etmirdi. Budur, gecə də düşdü. Axşamın sərin nəsimi onun üzünü yaladı. Zərdüşt ayağa qalxıb, qəlbinə xitabən dedi: “Ovun əcəb uğurlu oldu, Zərdüşt! Adam tutmaq istəyirdin, qismətinə meyit düşdü.
  İnsan həyatı nə qədər dəhşətlidi və mənasızdır, miskin bir oyunbaz onun taleyini həll edə bilər.
  Mən insanlara onların həyatının mənasını anlatmaq istəyirəm, onları qara-güruhdan fövqəlinsan səviyyəsinə qaldırmaq istəyirəm.
  Lakin mən hələ onlara yadam, düşüncələrim onlara çatmır. Onların nəzərində mən sərsəmlə ölü arasında bir adlamacam.
  Zərdüşt, sənin yolların da bu gecə kimi zülmət içindədir. Gəl, mənim soyuq, cansız yoldaşım! Kedək səni son mənzilə yola salım”.
   
  8.
   
  Zərdüşt ölünü dalına alıb yola düzəldi. Yüz addım atmamışdı ki, kimsə qabağını kəsdi. Kim olsa yaxşıdır – təlxək. O: “Çıx get bu şəhərdən, Zərdüşt! – deyə pıçıldadı. – Burada kimsənin səni görəsi gözü yoxdur. Ən dürüst və adil adamların belə səndən zəhləsi gedir, o qədər nifrətdən dəm vurdun ki, onlar səni kütləyə düşmən bildilər. Dindarlar isə lap sənin qanını içərlər, səni camaata təhlükə kimi qəbul etdilər. Bəxtin kəsdi ki, səni ələ salıb güldülər. Doğrudan yaman hətərən-pətərən danışırdın. Bəxtin onda gətirdi ki, bu itin meyitinə sahib durdun. Özünü belə alçaltmağın bugünlük sənin canını qurtardı, Amma indi şəhərdən çıxmasan, sabah da həmən oyunu sənin başına açacaqam”. Sözünü qurtarar-qurtarmaz kişi elə bil qeybə çəkildi. Zərdüşt isə qaranlıq döngələrin zülmətini yara-yara xeyli yol getdi.
  Şəhər darvazasının ağzında mürdəşirlərlə qabaqlaşdı. Məşəlin işığını üzünə saldılar, Zərdüşt olduğunu bilib, ələ salmağa başladılar. “Zərdüşt it meyiti daşıyır, afərin Zərdüşt də mürdəşir oldu. Biz onsuz da əlimizi belə zibilə bulaşdırmazdıq. Zərdüşt şeytanın tikəsini əlindən almaqmı istəyir? Nuş olsun! Amma qorx ki, şeytan səndən də fəndgir çıxsın, Zərdüşt! İkinizi də birdən cənginə keçirsin”, – çiyinləri atıla-atıla gülürdülər.
  Zərdüşt onların sözünə etina etməyib yoluna davam etdi. İki saatdı ki, meşənin və bataqlıqların içi ilə gedirdi, aç qurdların ulartısına o qədər qulaq asdı ki, ona da aclıq əl verdi. Bir evdən işıq gəldiyini görüb ayaq saxladı. “Acından ürəyim gedir. Mənim iştaham da baş çıxarılası deyil, vaxt olur ki, süfrə yığışmamış təzədən açıram, bu gün isə tezdənnən dilimin altından su keçməyib, aclıq da bilməmişəm».
  Zərdüşt qapını döydü. Qapıya əlində fənər qoca bir kişi çıxdı. “Narahat yuxularımı pozan kimdir belə”? – deyə soruşdu.
  “Bir diri ilə, bir ölü, – Zərdüşt dilləndi. – Mənə yeməyə bir şey verin, səhərdən dünya qutu dadmamışam. Acları yedizdirmək savabdır”.
  Qocanın getməyi ilə qayıtmağı bir oldu. Zərdüştə çörəklə şərab gətirmişdi. “Bu əldən-ayaqdan uzaq yerlər acların qənimidir. Ona görə burada düşüb qalmışam. Mən tənha qocanın yanına hərdən heyvanlar gəlir, hərdən də adamların güzarı düşür. Yoldaşına de, qoy o da yesin, çox yorğun görünür». Zərdüşt dedi: “ Çətin mən onu yola gətirəm, yoldaşım ölüb”. “Bunun mənə dəxli yoxdur, – qoca deyindi. – Mənim qapımı döyən kəs gərək çörəyimdən dada. Yeyin, sonra xoş gəldiniz».
  Zərdüşt yolu əlinə alıb ay işığında daha iki saat yol getdi. Əslində o, gecə yol getməyə adətkarda idi, yatan adamın üzünə baxmaqdan da çox xoşlanırdı. Gün çərtəndə Zərdüşt özünü ucsuz-bucaqsız bir meşədə gördü. Burdan o yana daha yol-iz yox idi. Qurd-quş dəyməsin deyə ölünü bir ağac oyuğunun xəfəsində daldaladı, özü elə yerdəcə uzandı. Və o dəqiqə, bədəni yorğun, ruhu isə möhkəm, yuxuya getdi.
   
  9.
   
  Zərdüşt gün günorta yerinə çatanacan yatdı. Ayılanda meşəyə, sükuta və təəcüblə öz içərisinə baxdı. Sonra o dənizçi gəmidən yeni quru görən kimi, qəfildən sıçrayıb ayağa qalxdı və sevindi, çünki ona yeni bir həqiqət əyan olmuşdu. Qəlbinə xitabən dedi:
  “Elə bil içimdə ay doğdu, anladım ki, mənə məsləkdaşlar lazımdır, kor-koranə iradəmə tabe olan ölü canlar, ruhsuz cəsədlər yox. Mənə elə məsləkdaşlar gərəkdir ki, şüurla mənə qoşulsun, mənimlə oddan-alovdan keçməyə hazır olsun.
  Elə bil içim nurlandı. Mən üzümü bütün xalqa deyil, öz məsləkdaşlarıma tutmalı, sözümü tək onlara deməliyəm. Zərdüşt bütöv bir sürünün çobanı və keşikçi iti ola bilməz.
  Bu sürüdən özümə lazım olanları seçib götürəcəyəm – mən bunun üçün gəlmişəm. Bu xalq və sürü qəzəblənəcək: Zərdüşt çobanlar arasında quldur adı qazanmaq istəyir. Mən onlara çoban deyirəm, onlarsa özlərini xeyirxah və mömin sanırlar:
  Mən onlara çoban deyirəm, amma onlar özləri özlərinə dindar adı qoyublar.
  Sən bu xeyirxah möminlərə bir bax! Gör ən çox nifrət etdikləri kimdir? O kəs ki, onların dəyərlər toplumunu dağıdır, qanunlarını pozur. Lakin, bu dağıdan – əsl yaradıcıdır.
  Sən bütün dinlərin dindarlarına bax. Gör ən çox zəhlələri kimdən gedir? O kəsdən ki, onların dəyərlər toplumunu dağıdır, qanunlarını pozur. Lakin, bu dağıdan – əsl yaradıcıdır.
  Yaradıcı insan məsləkdaş axtarır. O ölü canlar, başsız kütlə və inananları axtarmır. Yaradıcı insan özü kimi yaradanları axtarır, yeni kitablarda yeni dəyərləri bəyan edənləri axtarır.
  Yaradıcı insan məsləkdaş axtarır, bir də onunla bahəm məhsul biçinçilərı, yığanları axtarır. Axı əkdikləri başa gəlib, məhsulu yığıma hazırdır. Amma yüzlərlə sarağı əskikdir, o da qeyzindən sünbülləri yolub-tökür. Yaradıcı insan məsləkdaş axtarır, orağını itiləməyi bacaranları axtarır. Dağıdan və hər şeyə nifrət edən adlandıracaqlar onları, düşmən deyəcəklər. Amma onlar məhsulu yığıb, bayram edəcəklər.
  Yaradan axtarır Zərdüşt özünə, o, onunla bahəm məhsulu yığıb bayram edənlər sorağındadır: sürülərlə, çobanlarla, ölülərlə nə yarada bilər ki, o!
  Sənsə, mənim ilk məsləkdaşım əlvida! Səni ağac oyuğunda yaxşı basdırdım, qurd-quşdan daldaladım.
  Daha vədə tamamdır, səndən ayrılıram. Dan üzü yeni bir həqiqət əyan oldu mənə.
  Nə çoban olmalıyam, nə mürdəşir. Bir daha üzümü xalqa tutub danışmaq istəmirəm; ölüyə də son kərə sözümü deyirəm.
  Yaradana, məhsul yığana, bayram edənə qoşulmaq istəyirəm; onlara göy qurşağını və fövqəlinsana aparan bütün pillələri göstərmək istəyirəm.
  Nəğməmi tənhalara və cüt-cüt tənha olanlara oxuyacağam; hələ eşidilməmişi dinləməyə qulağı olanların qəlbini səadətimlə limhəlim dolduracağam.
  Məqsədimə can atıram, öz yolumu gedirəm; lənglərin, astagəllərin üstündən atılacağam.
  Qoy mənim addımlarım onların qürubu olsun!
   
  10.
   
  Zərdüşt ürəyində belə deyəndə gün iki cida boyu qalxmışdı. Nakahan başı üstündə quş səsi eşidəndə gözləri heyrətlə göylərə sarı açıldı. Səmada bir qartal qıy vururdu, bir ilan da ondan asılı qalmışdı, amma qartalın qəniməti yox sirdaşı idi, həlqə-həlqə qıvrılıb qartalın boynunda bənd almışdı.
  “Mənim heyvanlarımdır” – Zərdüştün ürəyi atlandı. “Dünyanın ən məğrur və dünyanın ən ağıllı heyvanı. Məndən xəbər tutmağa çıxıblar, bilmək istəyirlər, Zərdüşt saqdırmı?
  Doğrudan, görən mən sağammı?
  Adamlar arasında olmaq mənə heyvanların içində yaşamaqdan qat-qat qorxuludur. Yaman xatalı yola düşmüsən, Zərdüşt. Qoy heyvanlarım mənə yol göstərsin”.
  Bu vaxt Zərdüşt meşədəki pirin sözlərini yadına salıb ah çəkdi. Öz-özünə belə dedi:
  “Müdrik olmaq istərdim. Kaş ki, bu ilanın ağlınca ağlım olaydı. Amma çox xam xəyala düşmüşəm, istəyirəm ki, qürurum daim ağlıma söykək dursun.
  Günlərin birində ağlım məni tərk etsə, ağlın yoldaşlığı isə çətin ki başaçan olsun, qoy onda qürurum axmaqlığıma qoşulub qaçsın”.
  Zərdüştün qürubu belə başladı.
   
   
  ZƏRDÜŞTÜN NİTQLƏRİ 
   
  Üç çevrilmə haqqında
   
  Sizə ruhun üç çevrilməsinin adını çəkəcəm: ruhun dəvəyə, dəvənin şirə, sonunda isə şirin uşağa dönməsindən.
  Güclü, dözümlü ruhun başı çox bəlalar çəkir, gücü onu zillətlərə, məşəqqətlərə sövq edir.
  “Ağır nə var”? – deyə dözümlü ruh dəvə kimi yerə xıxlayır ki, onu rahatca yükləsinlər.
  “Ən çətin şey nədir, qoçaqlar: onu mənə verin ki, öz gücümdən feyzyab olum”.
  Nədir bu? Təkəbbür xətrinə özünü alçaltmaq? Müdrikliyə rişxənd etmək naminə axmaqlığını büruzə vermək?
  Ya qələbəyə çataçatda işindən ayrılmaq? ya da əngin zirvələrə dırmaşıb azdıranı azdırmaq?
  Ya beynini limhəlim biliklərlə doldurub haqq naminə ruhunu acından gəbərtmək?
  Bu ona bənzəmirmi ki, xəstə yatsan, candan yananı başdan eləyib karlarla müsahiblik edəsən ki, nə istədiyini də ömürbillah eşitməyələr.
  ya həqiqətin axtarıram deyin murdar suya girsən, üstünə dırmaşan soyu qurbağaların belə xətrinə dəyməyəsən?
  Ya sənə nifrət edənləri sevəsən, və ya başına min bir oyun açmaq istəyən kabuslara əl uzadasan? 
  Bütün bu yükləri dözümlü ruh yüklənib səhraya tələsən dəvə sayağı öz boynuna götürür və öz səhrasına yollanır.
  Kimsəsiz səhrada isə ikinci bir çevriliş olur: Ruh şirə dönüb azadlığa çıxmaq istəyir, öz səhrasında ağalıq etmək xəyalına düşür.
  Öz axırıncı sahibinə qənim kəsilir, ona və allahına qarşı çıxmaq xəyalına düşür, qələbə naminə ən azman əjdaha ilə kəllə-kəlləyə gəlir.
  Bəs ruhun nə sahib, nə də allah gözündə görmək istəmədiyi azman əjdaha nə olan şeydir?
  Bu azman əjdahanın adı “Sən etməlisən”dir. Şirin ruhu isə “Mən istəyirəm” deyə haray çəkir.
  “Etməlisən” qaratikan kimi ruhun yolu üstündə bitir, hər an ağır yük kimi onu əzir, amanını qırır, “etməlisən”!
  Min illiklərin dəyərləri əjdaha dərisinin pulunun üstündə parıldayır. Əjdahalarınsa ən qüdrətlisi deyir: “Bütün şeylərin dəyərləri mənim üstümdə parıldayır. Bütün dəyərlər artıq müəyyən edilib, və onların hər birisi mənəm.
  “İstəyirəm” sözü unudulmalıdır. Əjdaha belə deyir.
  Qardaşlar, insanın ruhunda şir nəyə gərək. Təmkinli və öz yerini biləm yük heyvanı niyə kifayət deyil?
  Şir hələ yeni dəyələr yaradammaz, amma şirin gücü özünə yeni yaradıcılıq üçün azadlıq yarada bilər.
  Azadlığı qazanmaq və hətta borcun, vəzifənin önündə o müqəddəs “yox” sözünü deyə bilmək – bunun üçün, qardaşlarım, şir olmaq gərəkdir.
  Yeni dəyərlər yaratmaq üçün hüquq qazanmaq, bu dözümlü və öz yerini biləm ruhun ən dəhşətli qələbəsidir. Həqiqətən belə ruha bu qarət və vəhşilik kimi görünür.
  O, “Etməlisən”i müqəddəs bir büt sanır, ona səcdə edirdi; indi isə o, bu müqəddəs bütdə istibdad və xəyal görməlidi. Öz sevdasından azad olmaq üçün şir olmaq gərəkdir.
  Özünüz deyin, qardaşlar, öhdəsindən şirin belə gəlmədiyi bir işi uşaq bacararmı? Bəs onda yırtıcı şirin uşağa çevrilməsinə nə lüzum var?
  Uşaq məsumluq, unutma, yeni başlanğıc, oyun, öz-özünə diyirlənən təkər, ilk hərəkət, müqəddəs “Hə” deməkdir.
  Yaradıcılıq oyunu üçün, qardaşlarım, müqəddəs “təsdiq” sözü lazımdır: ruh indi öz iradəsini yeritmək istəyir, dünyanın yazığı özünə yeni dünya qazanır.
  Sizə ruhun üç çevrilməsini anlatdım: ruhun dəvəyə, dəvənin şirə, sonunda şirin uşağa dönməsini. – Zərdüşt belə dedi. Onda o, “Əlvan inək” adlı şəhərdə qalırdı.
   
   
  FƏZİLƏT KAFEDRASI HAQQINDA
   
  Bir müdrik kişini Zərdüştə bərk tərifləmişdilər. Deyirdilər o, yuxudan, fəzilətdən qiyamət söhbətlər edir. Onu yüksək qiymətləndirilir və mükafatlandırırdılar. Cavanlar onun yanında gəlir kafedrasının önündə əyləşirlər. Zərdüşt də cavanlara qoşulub onun dərsinə getdi. Müdrik qoca sözü belə başladı:
  yuxunun qarşısında ehtiram və utancaqlıq! Bu, birincisi! Pis yatan, gecəni dirigözlü
  açan adamlardan uzaq olun!
  yuxu qarşısında oğru özünü utancaq aparır. Qaranlıqda utana-utana, oğrun-oğrun tərpənir. Amma gecə gözətçisi utanmaq bilmir. Həyasızcasına şeypurunu çalır.
  Yatmağın özü xırdaca sənət deyil: bununçün gərək bütün günü oyaq olasan.
  Gündə on dəfə özünə qarşı çıxmalısan, bu, adamı o ki var yorur, ruha tiryək kimi təsir edir.
  Gündə on kərə öz günahından keçməli, özünlə barışmalısan: axı küsülülər pis yatırlar.
  Gündə on həqiqət öyrənməlisən, yoxsa ruhun ac qalacaq, bu həqiqətləri
  gecələr axtarmalı olacaqsan.
  Gündə on dəfə gülüb şadlanmalısan, yoxsa gecə sənin mədən, bu qəm-qüssə atası, səni narahat edəcək.
  Çoxları bunu bilmir: yaxşı yatmaq üçün gərək insanda bütün fəzilətlər olsun. Saxta şəhadət verdimmi? Əhdimi pozdummu? Zina etdimmi? Dostumun kənizinə şor gözlə baxtım mi? Bunların heç biri şirin yuxu ilə bir araya sığan şey deyil.
  Dünyanın bütün fəzilətləri səndə varsa belə, birkərəmlik anlamalısan ki, vaxtı çatanda sən bütün fəzilətləri yatmağa göndərməyə bacarmalısan. Qoy bu gözəlcələr öz arasında savaşmasınlar. Qoy bu savaş səndən yan keçsin, bədbəxt! 
  Allahınla və qonşunla barış: şirin yuxu bunu tələb edir. Qonşunun şeytanı ilə də barış! yoxsa o gecələr yanına gələcək.
  Hökumətə hörmət və itaət göstər, istəyir qoy o lap axsaq olsun. Şirin yuxu bunu tələb edir. Axı nə etmək olar ki, hökumət çox vaxt əyri ayaqlar üstündə qərar tutur.
  Ən yaxşı çoban, məncə, odur ki, qoyunlarına bərəkətli otlaqlarda otarsın: şirin yuxu bunu tələb edir.
  Mən nə böyük nüfuz həsrətindəyəm, nə də hədsiz sərvət, bunlar adamın öd kisəsini qıcıqlandırır. Amma təmiz adı və babat dolanışığı olmayanların da gözünə yuxu getmir.
  Məclisin pis olmasından kiçik olması mənimçün daha xoşdur: amma oda vaxtında yığılıb dağılmalıdır: şirin yuxu bunu tələb edir.
  Mənən yoxsul olanlar mənim çox xoşuma gəlir: onlar yuxuya yardımçıdırlar. Onlar xoşbəxtdirlər, ələlxüsus öz paylarını alanda.
  Xeyirxah adamın günü belə keçir. Gecə ki oldu, yuxunu haraylamağa, əlbəttə ki, qorxuram. Yuxu istəmir ki, onu haraylasınlar – onu bütün fəzilətlərin ağasını!
  Gün ərzində elədiklərimi, fikirləşdiklərimi düşünüb-daşınıram. Fikirlərimi inək kimi çeynəyə-çeynəyə səbrlə özümdən soruşuram görüm bu gün mən hansı on naqisliyimi dəf etmişəm.
  Bəs hansı on barışıq, on həqiqət, on gülüşlə qəlbimi süsləndirmişəm?
  Bu qırx fikri götür-qoy etdiyim vaxt yuxu, bu fəzilətlər ağası öz-özünə, məni ağuşuna alır.
  yuxu göz qapaqlarımı döyəcdəyir, onları ağırlaşdırır. Sonra ağzıma toxunur: o açıla qalır.
  Bu ən sevimli oğru yanıma yavaş-yavaş yaxınlaşır və fikirlərimi çalıb aparır. Mən isə sarsaq kimi yerimdə qalıram, lap bu kafedra kimi.
  Amma bu vəziyyətdə çox qala bilmirəm, – gərək mütləq uzanasan.
  Qocanın sözlərini dinlədikcə Zərdüşt ürəyində gülürdü: çünki o haqqa tapınmışdı. O, qəlbinə xitabən dedi: Bu qoca öz qırx fikrinlə dəlidir, nədir. Amma yuxudan yaman başı çıxır.
  Xoş o adamın halına ki, bunun qonşuluğunda yaşayır. Belə yuxu yoluxucudur, o lap qalın divardan da sirayət edər.
  Onun kafedrasının bir əsrarı var. Cavanlar nahaq yerə bu fəzilət vaizinin başına yığışmırlar.
  Onun bütün müdrikliyi bundan ibarətdir: Gərək möhkəm oyaq olasan ki, möhkəm yuxun olsun.
  Həqiqətən, həyatın mənası olmasaydı və mən hansısa mənasızlığı qəbul etmək məcburiyyətində qalsaydım, onda bu mənasızlıq mənə ən məqbul görünərdi.
  İndi başa düşürəm ki, fəzilət müəllimi axtaranların aradığı əslində nə imiş. Onlar özlərinə şirin yuxu və tiryəkli fəzilətlər axtarırmışlar!
  Bu kafedranın bütün tanınmış müdriklərin müdrikliyi röyasız uyqulardır: onlar həyatda daha ali bir məna görmürlər.
  İndi, belə fəzilət vaizləri çoxdur, fəqət bunun qədər səmimi deyillər. Amma onların dövrü çoxdan keçib. Onlar daha ayaq üstə dura bilməyəcəklər, uzanacaqlar.
  Xoş bu yuxuculların halına: çox keçməz onlar mürgü döyərlər. –  
  Zərdüşt belə dedi.
   
   
  “O BİRİ DÜNYA”NIN MÜŞTAQLARI HAQQINDA
    
  Günün birində bütün “o biri dünya”nın müştaqları kimi Zərdüştün də könlünə o biri dünya düşdü. Dünya mənə cəfakeş, üzgün bir allahın əsəri kimi göründü.
  Dünya mənə bir röya, ilahi bir şeriyyət kimi, yaratdığından narazı allahın gözləri önündəki əlvan tüstü kimi göründü.
  Xeyir və şər, həzz və iztirab, mən və sən – hamısı mənə yaradanın gözləri qarşısındakı əlvan tüstü kimi göründü. Yaradan özündən üz çevirmək istəyirdi, dünyanı yaratdı.
  Öz iztirablarından üz çevirmək və hər şeyi unutmaq cəfakeşə sərməst həzzdir. Bir zaman dünya mənə sərməst həzz və özünü unutma kimi görünürdü.
  Bu əbədən qüsurlu, əbədi təzadların əksi, qüsurlu əksi olan dünya öz qüsurlu yaradanından ötrü sərməst həzz mənbəyidir: – bir zaman dünya mənə belə görünürdü.
  Odur ki, bir dəfə mənim də ürəyimdən bütün o biri dünya müştaqları kimi insanlığın o biri tayı haqqında düşündüm. doğrudanmı bu insanlığın o biri tayıdır?
  Ah, qardaşlar, yaratdığım bu allah, bütün allahlar kimi insan dühasının bəhəri idi, o həmdə insan dəliliyinin bəhəri idi!
  O Allah insan idi, həm də insanın miskin hissəsi və özümün “Ego”su (“Mən”i): öz odumdan, külümdəncə yaranmışdı bu kabus. O biri dünyadan gəlib-zad eləməmişdi!
  Sonra görün nə baş vermişdi, qardaşlar. Mən özümü, əzabkeş “Ego”mu yendim, külümü dağlara apardım, içində daha şöləli bir tonqal çatdım. İşə bax! Kabus məndən uzaqlaşdı!
  İndi belə Kabuslara inanmaq məndən, şəfa tapan kəsdən ötrü əzab-işkəncə olardı, əzablı alçalma olardı bu mənimçün. O biri dünyanın müştaqlarına sözüm budur.
  İztirab və gücsüzlük, bir də səadətin yalnız ön çox zillət çəkənlərə bəlli olan qısa çılğınlıq anları – bütün o biri dünyaları yaradan bu oldu.
  Yorğunluq..., bir sıçrayışla, bir ölüm sıçrayışı ilə sona varmaq istəyən yorğunluq. Bilməməzliyin miskin yorğunluğu. Bu yorğunluğun artıq heç nədən umacağı yox: bütün allahları və o biri dünyaları o yaratdı.
  İnanın, qardaşlar, cismdən əli üzülən cism, aldanmış ruhun barmaqlarıyla sonuncu divarları əlləyir.
  İnanın, qardaşlar! Yerdən əli üzülən cism mövcudatın qarnının dərdini dinlədi.
  Və o zaman o başını sonuncu divarlara çırpmaq istədi, tək başınla deyil, bütünlüklə “o biri dünyaya” keçmək istədi.
  Fəqət “o biri dünya” insan üçün bağlıdır. Bu insansız və qeyri-insani səmavi bir heçlikdir; mövcudatın - varlığın qarnının dərdi də insanla insan dilində danışır.
  Doğrusu, hər varlığı isbat etmək də çətindir, dilləndirmək də. Deyin görək, qardaşlar, ən əsrarəngiz şeylər bundan da közəl şəkildə isbat olunmayıbmı?
  Bəli, öz varlığı haqqında sözün ən safını bu “Ego” və “Ego”nun təzadları, dolaşıqları danışır, – bu yaradan, sevən, qiymətləndirən, hər şeyin ölçü və dəyəri olan “Ego”nun.
  “Ego” – bu ən namuslu varlıqdır. “Ego” yaradandada, xəyala düşəndədə, qırıq qanadlarla çapalayandada cismdən danışır və cismə can atır.
  Gün-gündən “Ego” öz fikrini daha düzgün ifadə etməyə öyrənir və öyrəndikcə, cism və yer üzünü daha çox mədh edir.
  Öz “Ego”m mənə yeni bir qürur öyrətdi, mən də onu insanlara öyrədirəm: bir daha başını səmavi şeylərin tozuna soxmayıb onu məğrur tut. Məğrur tut öz bəşəri başını, yerin mənasını yaradan başını.
  İnsanlara yeni bir iradə öyrədirəm: insanın kor-koranə getdiyi yolu get, onu tərif et, xəstələr və ölülər sayağı bu yoldan sarpma!
  Bədənə və torpağa nifrət edənlər, özlərində səma və nicatverən qan damlaları icad edənlər xəstələr və ölülər idi: amma hətta bu şirin və tünd zəhərləri də onlar cism və torpaqdan götürürdü!
  Öz miskinliklərindən qaçmaq istəyirdilər, fəqət ulduzlar onlara çox uzaq idi. Bu vaxt inləyib sızlamağa başladılar: “Ah, kaş ki özgə bir varlığa, özgə bir səadətə soxulmaq üçün səmavi yollar olaydı”! – məhz onda onlar öz uydurmalarını və qanlı içkilərini icad etdilər.
  Bu nankorlara elə gəlirdi ki, onlar öz bədənlərindən və bu torpaqdan üz döndərə biliblər.
  Bəs bu dönüşdən doğan nəşə, həzz üçün kimə borcludur onlar? Öz bədənlərinə və bu torpağa!
  Zərdüşt xəstələrə qarşı iltifatlıdır. Nə təsəlli üsullarına, nə də nankorluqlarına görə qəzəblənmir onlara. Təki sağalsınlar, naqisliklərini dəf edib özlərinə ali bir cism yaratsınlar!
  Zərdüştün sağalmaqda olana da açığı tutmur. Sağalmaqda olan insan xülyasını əzizləyəndə və gecə olacağın Allahının qəbrinə sarı sürünəndə Zərdüştün ona da açığı tutmur; lakin onun Göz yaşları mənimçün xəstəliyin və xəstə bədənin təzahürü olaraq qalır.
  Xəyalpərəstlərin, Allaha iman gətirənlərin içində xəstələr həmişə çox olub; onlar idrak sahiblərinə və fəzilətlərin “dürüstlük” deyilən ən cavanına hədsiz nifrət bəsləyirlər.
  Daim geri boylanırlar, qaranlıq çağlara sarı: o zamanlar istək də, inam da bam-başqa şeylər idi, ağlın çılğınlığı ilahilik, şübhə isə günah sayılır.
  Yaxşı tanıyıram bu ilahiləri, – istəyirlər, hamı onlara inansın, şübhə yasaq buyurulsun. Onların nəyə inandıqlarını da əlimin içi kimi bilirəm.
  Əlbəttə ki, inandıqları nə “o biri dünya”dir, nə də şəfa gətirən qan damlaları: sidq ürəkdən inandıqları bədəndir; öz bədənlərini isə onlar “özündə şey” sanırlar.
  Amma bu şey xəstədir: qılaflarından çıxmağı bacarsaydılar, məmnuniyyətlə edərdilər bunu. Ona görə ölüm vaizlərini dinləyir, özləri də “o biri dünya”dan vəz edirlər.
  Eşidin məni, qardaşlar, yaxşısı budur, sağlam bədənin səsinə qulaq verin: bu, saf və dürüst bir səsdir.
  Sağlam bədən daha dürüst, daha təmiz, daha rəvan danışır, o mükəmməldir və düzqatlıdır. O, yer üzünün mənasından danışır. – 
  Zərdüşt belə dedi.
   
   
  BƏDƏNƏ NİFRƏT EDƏNLƏR 
   
  Sözüm, bədənə nifrət edənləridir.
  Nə öyrəndiklərinizi təzələməyə hacət var, nə də öyrətdiklərinizi; siz ancaq bədənlərinizi unutmalı və bundan sonra lal-dinməz qalmalısınız.
  “Mən həm cisməm, həm də ruham” – uşaq belə deyir. Niyə gərək hamı uşaqlar kimi deməsin?
  Amma yaşlıbaşlılar: ağlıkəsənlər deyir: Mən yalnız cisməm, vəssalam, qəlb isə cismdə olan nəyinsə adıdır.
  Amma oyanmış və ağlıkəsən insan deyir: “Mən cisməm, cismdən başqa bir şey deyiləm; ruh isə cismdə olan nəyinsə adıdır”.
  Bədən – böyük idrak, bir beyni olan toplum, hərb və sülh, sürü və çoban deməkdir.
  Sənin kiçik ağlın də var, o, bədəninin alətidir, qardaş, böyük idrakın bu kiçik alət və oyunçağına “ruh” deyirsən sən.
  “Mən” deyirsən, bu sözlə iftixar edirsən. Amma ondan da böyük sənin böyük idraklı bədənindir, buna isə sən inana bilmirsən. O, “Ego” sözünü demir, amma “Ego” edir.
  Hissin duyub ağlın tanıdığı şeylərin heç vaxt məqsədi olmur. Lakin hiss də, ağıl da səni inandırmaq istəyir ki, hər şeyin məqsədi məhz onlardır: gör, necə lovğadır onlar.
  Hiss və ağıl olsa-olsa alət və oyuncaqdır: onların arxasında “Öz”lük durur. “Öz”lük hissin gözləri ilə axtarır, ruhun qulaqları çilə dinləyir.
  “Öz”lük daim dinləyir, axtarır: o müqayisə edir, məcbur edir, qarət edir, dağıdır.
  Ağalıq edir, hətta “Ego”ya də sahiblənib o. Fikirlərinin, hislərinin arxasında qardaş, qüdrətli bir sahib, naməlum bir müdrik dayanır – adına “Öz”lük deyirlər. O sənin bədənində yaşayır, sənin bədənin məhz odur.
  Bədənindəki ağıl ali idrakındakından qat-qat çoxdur. Və kim bilir, bu ali idrakı sənin bədənin nəyə sərf edəcək?
  Sənin “Öz”ün “Ego”sına və onun məğrur sıçrayışlarına gülür. “Fikrin bu sıçrayışları, uçuşları nəyimə gərəkdir? – öz-özünə deyir. – “Bunlar ki məqsədimə çatmağa dolaşıq bir yoldur”.
  O deyir: “Ego”nu haqq yoluna dartan kəndir mənəm; “Ego”nun anlayışlarını formalaşdıran mənəm.
   
  “Öz”lük “Ego”ya deyir: “Burada ağrı duy” ! O da əzabdan qovrulur, fikirləşir necə eləsin bu ağrıdan qurtulsun, – və məhz buna görə o, düşünməlidir.
  “Öz”lük “Ego”ya deyir: “Burada həzz duy”! Onun şadlığının hüdudu olmur, fikirləşir, necə eləsin bu şadlığın ömrünü uzatsın, – və məhz buna görə o, düşünməlidir.
  Sözüm bədənə nifrət edənlərədir. Onların nifrətlərin səbəbi isə hörmətləridir. Hörməti, nifrəti, dəyəri, iradəni nə yaratdı?
  Bu hörməti və nifrəti yaradan “Öz”lük yaratdı, həzz və iztirabı o icad etdi. Yaradan bədən ruhu özünə iradə aləti kimi yaratdı.
  Axmaqlıq və nifrətinizlə belə siz, bədən düşmənləri, öz “Öz”lüyünüzə xidmət edirsiniz. Budur deyirəm: sizin “Öz”ünüz özü ölüb qurtarmaq, həyatdan üz çevirmək istəyir.
  Hər şeydən artıq istədiyi bir şeyi etməyə – öz fövqündə yaratmağa – daha taqəti qalmayıb.
  Ən ümdə istəyi, həyatdan tək gözləməsi budur.
  Lakin daha gecdir – bu üzdən sizin “Öz”ünüz məhv olmaq istəyir, badən düşmənləri.
  Sizin “Öz”ünüz məhv olmaq istəyir, çünki, siz bədənin düşməni oldunuz! Çünki sizdə daha öz fövqünüzdə yaratmaq iqtidarı qalmayıb.
  Həyata, torpağa qəzəblənməyiniz də ona görədir. Nifrətinizin kəc baxışında kor bir həsəd yanır.
  Mən sizin yolunuzla getmirəm, siz ey bədənə nifrət edənlər! Mənim üçün, siz fövqəlinsana aparan körpü deyilsiniz. – 
  Zərdüşt belə dedi.
   
   
  SEVİNC VƏ EHTİRASLAR HAQQINDA
   
  Qardaşım, əgər sənin fəzilətin varsa və o doğrudan da sənin fəzilətindirsə, onu kimsə ilə bölüşdürməməlisən.
  Əlbəttə, onun adını çəkmək, əzizləmək istəyirsən: onun qulaqlarını çəkmək, onunla əylənmək keçir ürəyindən.
  Bax! Sən onun adını xalqla bölüşdün, indi sən özün də fəzilətinlə birlikdə xalqa, sürüyə çevrildin!
  “Qəlbimi əzab və nəşə ilə dolduran içimdəki aclığı dilə gətirməyə nə söz var, nə də ad” desən nə yaxşı olardı.
  Qoy sənin fəzilətin hər hansı azdan yüksəkdə dursun və ondan danışmalı olsan pəltəkləməkdən utanma.
  Belə de, bu sayaq kəkələ: “Bu fəzilət mənimdir, necə varsa elə sevir, bu halında xoşlayıram onu, yalnız belə istəyirəm onu mən.
  Onu nə allah, nə bəndə qanunu, nə ehtiyac olduğu üçün sevirəm: məndən ötrü nə səma, nə də cənnət bələdçisidir o.
  Sevdiyim bəşəri fəzilətdir: orada ağıl az, ümumbəşəri idrak isə ondan da azdır.
  Amma bu quş öz yuvasını mənim böyrümdə qurub: onunçun onu sevir, bağrıma basıram, – indi yanımdaca öz qızıl yumurtaları üstündə yatıb”.
  Belə kəkələməli, öz fəzilətini mədh etməlisən.
  Bir vaxtlar sənin ehtirasların vardı, adlarına şər deyirdin. İndi isə yalnız fəzilətlərin var: onlar sənin ehtiraslarından qaynaqlanır.
  &



Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha